ELM VƏ TƏHSİL
İnternet folklorunun araşdırılması məsələləri müzakirə edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoylu müasir dövrdə folklorşünaslıq sahəsində aparılan elmi araşdırmalardan danışıb, Azərbaycan alimlərinin dünya folklorşünaslığında gedən proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb.
Sonra Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin müvafiq mövzu ilə bağlı məruzəsi dinlənilib.
Alim internet folkloru, onun araşdırılması və öyrənilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, internetin meydana gəlməsi və cəmiyyətin həyatına sürətlə nüfuz etməsi, onun müasir kommunikasiyanın əsas lokomotivinə çevrilməsi folklorşünaslığı tamamilə yeni reallıqlarla üz-üzə qoyub. İnternetin interaktiv ünsiyyət imkanlarının, yəni “web 2.0.” texnologiyasının ortaya çıxmasından sonra virtual mühit folklor proseslərinin də daha sürətli və özünəməxsus şəkildə aktuallaşması üçün geniş imkanlar yaradıb.
Alim sosial şəbəkələrin, forum və saytların uzunmüddətli istifadə üçün imkanlar təqdim etməsi, şəxsi profil və səhifələrin yaranması, “söhbət otaqları”nın artması nəticəsində virtual “həyatın”, virtual “ömrün” təməllərinin formalaşdığını diqqətə çatdırıb. O, bütün baş verən bu dəyişikliklər kontekstində virtual mühitin folklorun yeni transformasiyaları üçün mühüm məkana çevrildiyini söyləyib.
İnternet folkloruna virtual sosial-mədəni şərtlər və folklorik dinamika kontekstində yanaşmağın aktuallığından danışan H.Quliyev qeyd edib ki, əslində, folklorun meydana gəlməsi, ötürülməsi və qavranılması birbaşa olaraq sosial şərtlərlə bağlıdır. Sosial şərtlərin araşdırılması folklorun mənasının, funksional və dinamik semantikasının, yönəldiyi hədəflərin, özündə əks etdirdiyi kollektiv maraq və rəylərin, fəlsəfi və ideoloji konseptlərin daha dərindən təhlil olunması üçün geniş imkanlar açır.
Alim bildirib ki, virtual sosial-mədəni şərtlər və folklorik dinamika kontekstində internet folklorunun öyrənilməsi bir tərəfdən yeni prosesin dərkinə xidmət edirsə, digər tərəfdən xalq biliyinin (“lore”-nin) və xalqın (“folk”-un) folklor qrupları, onların kollektiv maraq və rəylərinin öyrənilməsi üçün geniş imkanlar yaradır.
Filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev, Nail Qurbanov və digər alimlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, onun müasir elmi çağırışlar baxımından əhəmiyyətini vurğulayıblar.