CƏMİYYƏT
İntiqam Babayev: Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir
Bakı, 2 fevral, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycan Gəncləri Günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı İdman Sarayında keçirilmiş “Açıq mikrofon” gənclərin musiqi marafonu tədbirində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib. Qeyd edib ki, hər il bu əlamətdar gün ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Bu gün ənənələrə sadiq qalaraq Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub. Gənclərimiz Şəhidlər xiyabanında ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad ediblər.
Respublikamızda gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını bildirən nazir müavini əlamətdar günlə bağlı çox böyük tədbirlərin keçirildiyini, gənclərin mükafatlandırıldığını bildirib. O, “Açıq mikrofon” gənclərin musiqi marafonu vasitəsilə istedadlı gənclərin öz məharətlərini səhnədə nümayiş etdirdiklərini vurğulayıb.