CƏMİYYƏT
İntiqam Babayev: Skautinqin ideyaları ilə Azərbaycanda yürüdülən gənclər siyasətinin prinsipləri üst-üstə düşür
Bakı, 16 avqust, AZƏRTAC
Bir neçə gün ərzində Azərbaycanda qonaq olan dünya skautları ölkəmizdə çəkdikləri fotoşəkilləri sosial şəbəkələrdə paylaşmaqla tariximizi, mədəniyyətimizi nümayiş etdirirlər. Onlar öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanla bağlı həqiqətləri yayacaqlar, xalqımızın qonaqpərvərliyini, tariximizi, mədəniyyətimizi öz yaxınlarına çatdıracaqlar. Bunlar çox önəmlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İntiqam Babayev vurğulayıb ki, Dünya Skaut Konfransı həm ölkələrin, həm də nümayəndələrin sayına görə Azərbaycanda gənclər arasında keçirilən ən genişmiqyaslı beynəlxalq tədbirdir. Bu forum həm də Azərbaycan skaut hərəkatına müsbət təsirini göstərəcək. Bu günlər ərzində Azərbaycanda skaut ideyalarının təbliği kifayət qədər aparılır. Azərbaycanda skaut hərəkatının inkişafı üçün münbit şərait var. Çünki skautinqin ideyaları ilə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prinsipləri üst-üstə düşür. Vətənpərvərlik, gənclərin bir vətəndaş olaraq formalaşması, onların mənəvi, fiziki, intellektual inkişafı – bütün bunlar bizim ölkəmizdə həyata keçirilən gənclər siyasətində öz əksini tapıb.
Nazir müavini əmin olduğunu bildirib ki, Azərbaycanda keçirilən Dünya Skaut Forumu və 41-ci Dünya Skaut Konfransı ölkəmizin beynəlxalq arenada daha da yaxşı tanıdılmasına müsbət təsir göstərəcək.