MƏDƏNİYYƏT


İntiqam Yaşar: Türk dünyası gənclərinin ədəbi əlaqələri baxımından planlarımız çoxdur

İntiqam Yaşar: Türk dünyası gənclərinin ədəbi əlaqələri baxımından planlarımız çoxdur

Bakı, 2 fevral, AZƏRTAC

Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Müstəqil ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Onlardan biri də Dünya Gənc Türk Yazarlar Birliyidir. Təşkilat yarandığı ötən müddət ərzində çoxsaylı layihələrə imza atıb.

Təşkilatın gördüyü işlərlə bağlı AZƏRTAC-a geniş məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar deyib ki, 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rəhbərlik etdiyi təşkilat haqqında məlumat verən İntiqam Yaşar deyib ki, Dünya Gənc Türk Yazarlar Birliyi beynəlxalq təşkilat olaraq 1998-ci ildə türk dünyasının bir qrup ziyalısı tərəfindən yaradılıb və Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası türk ölkə və topluluqları arasında ədəbi-mədəni əlaqələrin inkişafı yönündə iş aparmaqdan ibarətdir: “Ötən 25 il müddətində təşkilat fəaliyyətini bu yöndə davam etdirib. Tanınmış şair-publisist Əkbər Qoşalının başqanlığı dönəmindən başlamış ortaq layihələr, türk birliyi, mədəni əlaqələrin genişlənməsi üçün atılmış addımlar bu gün də biz gənc nəsillər tərəfindən davam etdirilməkdədir. Biz təşkilat olaraq Azərbaycanın müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirmişik. Bu layihələr həm beynəlxalq səciyyə daşıyıb, həm də Azərbaycanın regionlarını əhatə edib. Bu vaxtacan fəaliyyətimizin əsas istiqamətlərindən biri və birincisi Qarabağ mövzusu olub”.

Onun sözlərinə görə, Qarabağ mövzusu qardaş ölkə və topluluqlarından olan qələm nümayəndələrinin də diqqətini çəkib, bu istiqamətdə onlarla kitab çap olunub, görüşlər, konfranslar təşkil edilib. Bu layihələrdən “Qəlbdəki və qələmdəki Qarabağ”, “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” və s. misal göstərmək olar. “Şuşa ilə bağlı layihəmizin adını çəkmişkən vurğulayım ki, bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşmaqdadır. Layihə rəhbəri kimi mənim Türkiyənin İstanbul şəhərinə və Özbəkistanın Daşkənd şəhərinə səfərlərim oldu. Dost qurumlarla birlikdə çox geniş tədbirlərimiz baş tutdu. Türk Ədəbiyyatı Vəqfində başlayan ilk tədbirimizdən sonra Daşkənd şəhərində oldum. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ikinci tədbirimizdə müxtəlif universitetlərin rektor, müəllim heyətləri, tələbələr, media nümayəndələri iştirak edirdi. Sonra Özbəkistan Yazıçılar Birliyində daha bir tədbir təşkil olundu, birliyin sədri, Xalq şairi Siracəddin Səyyidin iştirakı ilə baş tutan tədbir də ədəbi əlaqələrimizin inkişafı baxımından çox yüksək səviyyəli keçirildi. Daha sonra isə Özbəkistanın ən böyük gənclər qurumu olan Gənclər İşləri Agentliyində daha bir tədbirimiz baş tutdu. Özbəkistan gənclər və idman nazirinin müavini, agentliyin direktoru Alişir Sədullayevlə görüşdük. Bir çox ortaq layihələr ətrafında fikir mübadiləsi apardıq. Agentlikdə təşkil olunmuş tədbirimiz də ürəyimizcə oldu. Ümumiyyətlə, bu layihə çərçivəsində təşkil olunmuş bütün tədbirlərimiz istər Azərbaycan mediası tərəfindən, istərsə də qardaş ölkələrin mediası tərəfindən çox geniş işıqlandırıldı.

Ölkə xaricində baş tutan tədbirlərimizdən sonra Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan qələm dostlarımız Azərbaycana səfər etdilər. Layihənin yekun tədbiri Bakı şəhərində baş tutdu. Layihə çərçivəsində çap olunmuş “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabı geniş oxucu kütləsinə çatdırıldı”, - deyə İntiqam Yaşar deyib.

Bildirib ki, türk birliyi, qardaş xalqlar arasında tarixən mövcud olmuş mədəni bağların daha da genişlənməsi, yeni nəsil ədəbi qüvvələrin bu istiqamətdə verə biləcəyi töhfələr rəhbərlik etdiyi təşkilat üçün çox böyük əhəmiyyət daşıyır: “Bu il bildiyiniz kimi ölkəmizdə “Heydər Əliyev İli”dir, təşkilat olaraq bu istiqamətdə layihələrimiz olacaq. Bundan əlavə Şuşa şəhəri bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Dünya Gənc Türk Yazarlar Birliyi olaraq bu istiqamətdə də layihələrimiz planlaşdırılır. Ən nəhayət isə bu il təşkilat olaraq, fəaliyyətimizin 25-ci ilidir. Yubiley ilimizdir. Yəqin ki, 25 illiyimiz də qardaş ölkələrdən olan yazarlarımızın iştirakı ilə qeyd olunacaq. 2023-cü ildən gözləntilərimiz və Azərbaycan gəncliyi, Türk dünyası gəncliyinin ədəbi əlaqələri baxımından planlarımız çoxdur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.