İQTİSADİYYAT


İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də öz işinə başlamış Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “Post-COVID dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmilərinin, iş adamlarının, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə mövzular ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sammit iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, eləcə də hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri diqqətə çatdırılıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) prezidenti Hasan Basri Kurt, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPOMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və “Dost Agriculture & Livestok Co”nun təsisçisi Abdulkadir Karagöz mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“Post-COVID dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” panelində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının MDB ölkələri və Avropa regionu üzrə direktoru Samir Tağıyev, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktoru səlahiyyətlərini icra edən Vüsal Qurbanov, Türkiyə “IT Valley”nin baş meneceri Sərdar İbrahimcioğlu, İnnovasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Vüsal Rüstəmov və Gənc Sahibkarlar Konfederasiyasının sədr müavini Xəyalə Məmmədova startapların inkişafı ilə bağlı müasir meyllər, pandemiya şəraitində üzləşdiyi çağırışlar, yüksək dəyərli iqtisadi artımın təmin edilməsində startapların roluna dair çıxışlar ediblər.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ortaq dəyərlərə əsaslanaraq müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin tətbiqi imkanları “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” mövzunda panelin əsas müzakirə istiqamətləri olub. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icra direktoru Vüsal Qasımlı və İstanbul Fond Birjasının icraçı vitse-prezidenti Güjan Gülay tədbir iştirakçılarına mövzu ilə bağlı məlumat veriblər.

Sammit oktyabrın 28-də işini panel iclaslarla və startapların təqdimatları ilə davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.