ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul olunmaq istəyənlər test imtahanı verəcəklər
Bakı, 16 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 363 namizəd, BB qrupu üzrə 1174 namizəd, ümumilikdə isə 1537 namizəd qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda saat 11.00-da başlanacaq və üç saat davam edəcək. Namizədlərlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.