ELM VƏ TƏHSİL


İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501 namizəddən 18-i imtahana gəlməyib.

İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən BA2 altqrupu üzrə 6 nəfər, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 29, BB1 altqrupu üzrə 58, BB2 altqrupu üzrə 87, BB3 altqrupu üzrə 135, BB4 altqrupu üzrə 154 nəfər olmaqla, ümumilikdə 480 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 19-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası avqustun 19–21-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.