ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə keçirilən imtahanın nəticələri açıqlanıb
Bakı, 6 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 28-də keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatlar açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçən namizədlərin 846-sı kişi, 610-u isə qadın olub. Namizədlərdən kişilər üzrə 767 nəfər (qeydiyyatdan keçənlərin 90,6 faizi), qadınlar üzrə isə 567 nəfər (qeydiyyatdan keçənlərin 93 faizi) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə cəmi 1 nəfər (qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 331 nəfəri (158 kişi və 173 qadın) 20-24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 251 nəfər (139 kişi və 112 qadın) lazım olan balı toplaya bilib. İmtahanda uğur qazananlardan 646-sı, yəni təqribən 97 faizi yaşı 34-ə qədər olan namizədlərdir. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı isə 21 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667-si (45,8 faiz) müvəffəqiyyət əldə edib.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.