ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 502 nəfər qeydiyyatdan keçib
Bakı, 30 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 12:15-dək imtahanda iştirak etmək üçün 502 nəfər (BA - 132, BB - 370) qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.