ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatıb
Bakı, 12 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün iyulun14-də keçiriləcək test imtahanına qeydiyyat bu gün başa çatıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün 81 (AA - 4, AB - 18, AC - 59) nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olmamüddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.