ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 22 nəfər qeydiyyatdan keçib
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-da inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat iyulun 27-nə kimi saat 18.00-dək davam edəcək.
İyulun 24-ü saat 10.00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 5, AC vəzifə qrupu üzrə 17 nəfər olmaqla, ümumilikdə 22 nəfər qeydiyyatdan keçib.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Xatırladaq ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 35 yer, AB vəzifə qrupu üzrə 306, AC vəzifə qrupu üzrə isə 821 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də var. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdiri, İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.
Namizədlərin nəzərinə çatdırılır ki, inzibati rəhbər vəzifələr üzrə növbəti test imtahanı sentyabrın 29-da keçiriləcək. DİM-in saytında vakant vəzifələr haqqında mütəmadi olaraq müsabiqə və müsahibə elanları yerləşdirilir. Müvafiq sertifikata malik olanlar, vakant yerlərin müsabiqəsində iştirak etməklə yüksək dövlət qulluğu vəzifələrini tuta bilərlər.
İmtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.