ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 88 nəfər qeydiyyatdan keçib
Bakı, 11 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, A növünə (inzibati rəhbər) aid olan imtahan kompüter, B növünə (inzibati icraçı) aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 88 nəfər (AA - 3, AB - 40, AC - 45) qeydiyyatdan keçib.
B növünə aid imtahanda iştirak etmək üçün 2000 yer ayrılıb. Qeydiyyat başa çatıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.
Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.