ELM VƏ TƏHSİL
İnzibati rəhbər vəzifələri tutmaq üçün 70-dən çox namizəd test imtahanı verəcək
Bakı, 24 yanvar, AZƏRTAC
Dövlət qulluğunun A (inzibati rəhbər vəzifələr) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak etmək üçün qeydiyyat bu gün yekunlaşır.
AZƏRTAC xəbər verir ki, inzibati rəhbər vəzifələr üzrə yanvarın 25-də keçiriləcək test imtahanında iştirak etmək üçün indiyədək 71 nəfər (AA - 3, AB - 21, AC - 47) qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.