ELM VƏ TƏHSİL
İnzibati vəzifələrin A növünə aid olan vəzifə qrupları üzrə test imtahanından uğurla keçənlərin nəzərinə
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizəd sertifikatı əldə etmək üçün yanvarın 27-dən fevralın 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilən məlumatların və əlavə edilən sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Xatırladaq ki, yanvarın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahanda 69 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA4 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 9 nəfər, AC4 altqrupu üzrə 9 nəfər olmaqla, ümumilikdə 24 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.