SİYASƏT


İordaniya agentliyi ermənilərin viran qoyduğu Ağdam haqqında məqalə yayıb

Qahirə, 1 may, AZƏRTAC

İordaniyalı tədqiqatçı və jurnalist Ömər Əl-Armuti rəhbəri olduğu “Nayrouz” informasiya agentliyinin saytında azərbaycanlı jurnalist Süleyman İsmayılbəylinin işğaldan azad olunmuş Ağdam haqqında ərəb dilinə tərcümə edilmiş məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Evlərinin damları olmayan Ağdam” sərlövhəli məqalədə ermənilərin işğalı dövründə bu şəhərdə çoxlu vandalizm aktları törədildiyi, Ağdamın tamamilə viran qoyulduğu diqqətə çatdırılıb. Müəllif yazır: “Avtobusumuz Bərdə rayonunu keçdikdən sonra gördüklərim məndə fərqli hisslər – qürur, məyusluq və təəssüf doğurdu. Əvvəl mövcud olmuş təmas xəttini keçdikdən sonra Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin rəşadətindən qürur hissi keçirdim. Orada ermənilərin inşa etdikləri 200-300 metrlik istehkamlar onların Azərbaycan əsgərindən nə qədər qorxduğunun əlaməti idi. Düşmən Ağdamda demək olar hər qarışı, hər küçəni minalayıb. Bu şəhərdə olduğum 6 saat müddətində gördüm ki, ermənilər ərazinin 95 faizinə minalar basdırıb. Bunun əsas hissəsi atəşkəsdən sonra vaxt qazanmaq üçün edilib. Belə ki, 10 noyabr razılaşmasından sonra Azərbaycanın humanist yanaşmasından sui-istifadə edən ermənilər Ağdamın bütün ərazisini minalayıblar. İndi onlar minaladıqları ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edirlər. Bu səbəbdən ərazinin minalardan təmizlənməsi əməliyyatları mürəkkəb və olduqca təhlükəli şəraitdə aparılır”.

Məqalədə ətrafı yaşıllıqlar olan şəhərdə hər addımda görünməmiş vəhşiliklər, vandalizm və cinayətlərin izləri olduğu, düşmənin şəhəri viran qoymaqla yanaşı, Ağdamın zəngin təbiətini də məhv etdiyi bildirilib. Müəllif yazıb: “Bu səbəbdən bir zamanlar füsunkar təbiəti ilə məşhur olan şəhərdə baharın gözəlliyi, yazın nəfəsi də hiss olunmurdu. Səmada quşlar da görünmürdü. Onlar da düşmənin vəhşiliyinə görə bu yerləri tərk edib. Ağdamda həyat yoxdur, bu şəhər sanki ruhlar məkanına çevrilib. Mən bu ifadəni təsadüfən işlətmirəm; qəddar düşmən məzarlıqlarda da dəhşətli vandalizm aktları törədib, qəbirləri qazaraq insanların nəşini ətrafa tullayıb. Sanki mərhumların ruhları ətrafda dolaşırdı. Bu yerlərdə Xocalı şəhidlərinin də uyuduğu onlarla belə məzarlıq vardı. Bu qəbiristanlıqlarda qazılmış məzarları görəndə düşündüm: axı, insan bu cür vəhşilikləri necə törədə bilər? Azərbaycana və azərbaycanlılara qarşı kin və nifrətin ölülərdən qisas almaq qədər vəhşiliyə səbəb olması insanın qanını dondurur. Bu məzarlıqlarda hər hansı bir baş daşı, yaxud mərhumun nəşini tapa bilməzsən. Ermənilər onların hamısını məhv ediblər”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.