QAN YADDAŞI


İordaniya mətbuatı Xocalı soyqırımından yazır

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Rasim Rzayevin “Xocalı soyqırımının 28-ci ildönümü” sərlövhəli məqaləsi bu ölkənin “Əd-Dustur” və “Əl-Ğad” hökumət qəzetlərində, eləcə də www.cleopatranews.com xəbər portalında dərc edilib.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazıda müəllif Azərbaycanın terrorizmlə mübarizə sahəsində fəal ölkələrdən biri olduğunu və terrorizmin qlobal səviyyədə qarşısının alınmasına böyük töhfə verdiyini oxucuların diqqətinə çatdırır, ölkəmizin keçmişdə dövlət terrorizmindən əziyyət çəkdiyini xatırladır və burada beynəlxalq ictimaiyyətin, ilk növbədə, regional və qlobal təhlükəsizlik, həmçinin sabitlik üçün böyük təhdid olan beynəlxalq terrorizmə aydın tərif verməsinin vacibliyini qeyd edir.

Ölkəmizin 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini bərpa etdiyi ilk illərdən qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını və nəticədə Dağlıq Qarabağın və ətraf rayonların işğal olunduğunu xatırladan müəllif işğal olunmuş ərazilərdə yaşayan dinc azərbaycanlı əhaliyə qarşı ən dəhşətli cinayətlər törədildiyini oxucuların diqqətinə çatdırır.

Xocalı soyqırımı barədə məlumat verən R.Rzayev qətliama aparan hadisələrin inkişafı və qırğının təfərrüatları barədə ətraflı bəhs edir, ermənilərin özlərinin etiraf etdikləri kimi, Xocalıya hücumunun əsas qayəsinin Əsgəran-Xankəndi yolunu və Xocalıdakı yeganə aeroportu ələ keçirmək olduğuna diqqət çəkir, soyqırımıda sovet ordusunun 366-cı motoatıcı alayının iştirak etdiyini xüsusi vurğulayır. Eyni zamanda, soyqırımın acı nəticələrinə dair statistik məlumatlar təqdim edilir.

Diplomat Xocalıda baş verənlərin bir çox beynəlxalq konvensiyaların, xüsusən də 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının və bu qəbildən olan digər beynəlxalq sənədlərin ciddi şəkildə pozulması olduğunu yazır, Avropa İnsan Haqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etdiyini bildirir.

Yazıda, həmçinin Xocalı qətliamının dünya miqyasında tanıdılması məqsədilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına yer verilir. Qeyd edilir ki, bu kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb.

Məqalədə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanındığı coğrafiya barədə də rəqəmlər oxucuların diqqətinə çatdırılır.

Müəllif, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə nəzər salır, problemin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və onların məzmunlarını xatırladır, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunun regional sülhə və sabitliyə təhdid yaratdığını xüsusi qeyd edir, dövlətimizin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllinin tərəfdarı olduğunu nəzərə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.