SİYASƏT


İordaniya mətbuatında xarici jurnalistlərin Qarabağa səfəri barədə məqalə dərc edilib

Qahirə, 3 avqust, AZƏRTAC

İordaniya mətbuatı akademik Mərvan Sudanın bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri barədə məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Əl-Ənbat”, “Ağnaden”, “Şaaabnews”, “Cuhayna” informasiya portallarında, həmçinin “Eurasia Diary” saytında yayımlanmış məqalədə İordaniya, İtaliya, İspaniya, Bolqarıstan və Yaponiyadan olan jurnalistlərin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, minatəmizləmə əməliyyatları, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış olduqları qeyd olunur.

Müəllif diqqətə çatdırır ki, Azərbaycan əsl həqiqətləri – Ermənistanın Qarabağ ərazisini işğal etməsi, bu torpaqlarda törətdiyi vəhşilikləri və barbarlığı, ermənilərin azərbaycanlılara məxsus qədim əraziləri uğursuzluqla nəticələnən özününküləşdirmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə bir çox nüfuzlu jurnalistləri ölkəyə dəvət edib. Uzun illər ərzində güclü dövlətlərin ədaləti bərpa etmək səyləri iflasa uğrasa da, Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında və Ordunun qüdrəti sayəsində buna nail ola bildi.

Məqalədə qeyd olunur: “Jurnalistlər Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Şuşa rayonlarında, həmçinin Ermənistanın raket hücumuna məruz qalmış Gəncə şəhərində olublar. Qarabağın azadlığa qovuşmuş şəhərlərində dalğalanan Azərbaycan bayrağı uzun illərdən sonra işğala son qoyulmasının rəmzidir. Onlar bu ərazilərə qısa zamanda inşa olunan Zəfər yolu ilə gediblər. Media nümayəndələrinə ermənilərin məscidləri və tarixi abidələri dağıtması, qədim Alban abidələrini və kilsələrini öz adlarına çıxması və üzərlərindəki yazıları dəyişdirməsi barədə ətraflı məlumat verilib. Bu gün əhalinin ədalətli sülhə, təhlükəsizliyə ehtiyacı var. Lakin şəhid ailələrinə, müharibədə yaralanmış əsgərlərə, onillərdir əzab çəkən məcburi köçkünlərə vurulan mənəvi zərəri Ermənistan və onun havadarları heç vaxt ödəyə bilməz. Ermənistan ordusunun və erməni terror dəstələrinin törətdikləri vəhşiliklər unudulmayacaq. Eyni zamanda, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan ərazilərində zəngin təbii sərvətlərin talanması faktını da diqqətdən kənarda saxlamaq olmaz”.

Sonda Mərvan Suda vurğulayıb ki, Azərbaycanın İslam dünyasından və dünyanın bütün ölkələrindən olan, o cümlədən ərəbdilli jurnalistləri işğaldan azad edilmiş ərazilərə dəvət etməsi ənənəsi davam etdirilməli, Ermənistanın yaydığı yalan məlumatlar ifşa edilməli, beynəlxalq ictimaiyyət həqiqətləri daha yaxından öyrənməlidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.