SİYASƏT


İordaniya qəzetində Ağdamda aparılacaq yenidənqurma işləri barədə məqalə dərc edilib

Qahirə, 5 avqust, AZƏRTAC

Xarici jurnalistlərdən ibarət qrupun tərkibində Azərbaycanın işğaldan azad olunmuş ərazilərə səfər edən iordaniyalı jurnalist Nemat əl-Xura “Əl Ənbat” qəzetində “Ermənilərin viran qoyduğu Ağdamda “ağıllı şəhər” olacaq” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə 27 ilə yaxın erməni işğalı altında qalmış Ağdamda “ağıllı şəhər” layihəsinin həyata keçiriləcəyi diqqətə çatdırılıb. Müəllif yazıb ki, xarici jurnalistlərə məlumat verən hökumət rəsmisi yerlə-yeksan edilmiş şəhərin Baş planının Prezident İlham Əliyevə təqdim olunduğunu bildirib. Baş plana görə, Yeni Ağdam təqribən 100 min nəfər sakin üçün nəzərdə tutulur, şəhərə onun tarixi hüdudlarından başqa, daha 8 kənd birləşdirilib. Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı planlaşdırılır. Şəhərdə ictimai yaşıllıq məkanları yaradılacaq, ən müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş məktəblər istifadəyə veriləcək.

Məqalədə bildirilib ki, Ağdamda BMT-nin UNICEF qurumunun "Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında" kitabçasında göstərilən 18 müddəası nəzərə alınacaq, müvafiq prinsipləri kompüter şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonalarına qədər əks olunub. Eyni zamanda, konsertlərin keçiriləcəyi bina, məscid, xəstəxanalar və digər sosial obyektlər inşa ediləcək. 1868-ci ildə tikilmiş, ermənilərin inək və donuz saxladıqları, xaraba qoyduqları Ağdam Cümə məscidi peşəkar memarların nəzarəti ilə əvvəlki görkəminə qaytarılacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.