SİYASƏT
İordaniya səfiri: Ciddi oxucu etibarlı xəbər mənbəyinə üz tutur VİDEO
Bakı, 20 may, AZƏRTAC
Hazırda böyük informasiya axını şəraitində dəqiq və obyektiv məlumatları etibarlı xəbər mənbəyindən əldə etmək olduqca vacib məsələdir. Təsadüfi deyil ki, ciddi oxucu etibarlı xəbər mənbəyinə üz tutur. Bu baxımdan AZƏRTAC agentliyinin fəaliyyəti təqdirəlayiqdir.
Bu fikirləri İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh mayın 20-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
Azərbaycanda söz və mətbuat azadlığının, demokratiyanın inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verən baş direktor Aslan Aslanov AZƏRTAC-ın beynəlxalq əlaqələri, o cümlədən İordaniyanın Petra agentliyi ilə əlaqələrindən danışıb. Qeyd olunub ki, iki agentlik arasında əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb və AZƏRTAC bu əlaqələrin genişlənməsində maraqlıdır. AZƏRTAC-ın xaricdəki müxbir məntəqələrinin birinin məhz İordaniyada yerləşdiyi diplomatın diqqətinə çatdırılıb.
Səfir İordaniya ilə Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən, münasibətlərin inkişafında hər iki ölkə rəhbərinin mühüm rolundan söhbət açıb. Qeyd edib ki, AZƏRTAC öz uğurlu fəaliyyəti, doğru-dürüst xəbərləri ilə beynəlxalq informasiya təşkilatlarında nüfuz qazanmağa nail olub. Diplomat AZƏRTAC ilə Petra arasında əməkdaşlığın inkişafının ölkələrimizin münasibətlərinin daha da möhkəmlənməsinə əlverişli imkanlar yaratdığını vurğulayıb.
İordaniya səfirinə 2016-cı ilin sentyabrında Bakı Beynəlxalq Humanitar Forumunun, noyabrda isə AZƏRTAC-ın ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və V Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi barədə məlumat verilib. Görüşdə bu beynəlxalq tədbirlərdə İordaniya mediasının iştirakı ilə bağlı məsələlər müzakirə edilib.