QAN YADDAŞI


İordaniyada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən anım mərasimi təşkil edilib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə çıxış edən səfir Rasim Rzayev 20 Yanvar faciəsinin tarixi barədə danışıb. O deyib ki, keçmiş Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı silahlı təcavüz azadlıq və insan hüquqlarını özündə ehtiva edən bütün beynəlxalq qanunlara zidd addım idi.

Səfir, həmçinin bu gün müstəqil Azərbaycan Respublikasında gedən inkişaf prosesləri barədə danışıb. O qeyd edib ki, təməlini ümummilli lider Heydər Əliyevin qoyduğu müasir müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

Səfirliyin müşaviri Elnur Şahhüseynov 20 yanvar 1990-cı ilin xalqımızın qan yaddaşına dərin izlər qoyduğunu, azadlıq və müstəqilliyimizin xalqımızın mərd oğul və qızlarının qanı bahasına əldə edildiyini söyləyib. O, 20 Yanvar faciəsinin nəticələri barədə danışıb və “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” başlıqlı hesabatına toxunub.

Müşavir 20 Yanvar hadisələrinin ertəsi günü ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gedərək bu qanlı faciəni şiddətlə qınadığını və həmin iyrənc cinayəti törədənlərin cəzalandırılmasını tələb etdiyini, bununla da öz həyatını təhlükə altına atdığını qeyd edib.

E.Şahhüseynov dövlətimizin bu gün misli görünməmiş göstəricilərlə dinamik inkişaf edən və Cənubi Qafqazda lider ölkə, o cümlədən beynəlxalq əlaqələrdə etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi davamlı demokratik və iqtisadi islahatların, eləcə də müdrik idarəçiliyin dayandığını vurğulayıb.

Daha sonra İordaniyanın sabiq Baş Nazirinin müavini, Senatda İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri doktor Mərvan əl-Hmud, www.orobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab, İordaniyanın Özbəkistandakı sabiq səfiri Müvəffəq əl-Əcluni, yazıçı-publisist Ömər əl-Armuti çıxış ediblər.

Onlar 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığa doğru aparan yol, xalqımızın müstəqillik əzmini gücləndirdiyi amil kimi qiymətləndirib, bugünkü Azərbaycanın öz müstəqilliyini məhz ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasətinin müdrikliklə davam etdirilməsi sayəsində qoruyub saxlamağa müvəffəq olduğunu bildiriblər.

Çıxışçılar, eyni zamanda, İordaniya-Azərbaycan əlaqələrinin, habelə hər iki ölkənin liderlərini bağlayan şəxsi münasibətlərin səviyyəsindən məmnunluq ifadə ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən videoçarx nümayiş olunub və Azərbaycan ombudsmanının bəyanatı təqdim edilib. İştirakçılar müvafiq fotosərgi ilə tanış olublar.

Sonda ehsan süfrəsi açılıb.

Tədbir, eləcə də 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar səfirliyin bəyanatı yerli mətbuatda işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.