SİYASƏT
İordaniyada Anım Günü ilə bağlı tədbir keçirilib
Qahirə, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin inzibati binasında diplomatik nümayəndəliyimizin əməkdaşları, diaspor üzvləri və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, səfirliyin önündə yaradılan Anım guşəsinə gül dəstələri qoyublar.
Səfir Eldar Səlimov Anım Gününün tarixi əhəmiyyətindən geniş bəhs edib. Vurğulayıb ki, məhz Azərbaycan Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin siyasi qətiyyəti nəticəsində torpaqlarımız təxminən 30 illik erməni işğalından sonra azadlığa qovuşub və beləliklə, gələcək nəsillərimiz münaqişənin həlli yükündən azad olub. E.Səlimov bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən bərpa və inkişaf layihələrindən ətraflı bəhs edib, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verildiyini bildirib.
Sonda şəhidlərimizin müqəddəs ruhuna dualar oxunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə