HEYDƏR ƏLİYEV - 100
İordaniyada Ulu Öndərin 100 illiyinə həsr olunmuş poçt markalarının sərgisi olacaq

Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyi və İordaniya Dövlət Poçt Departamentinin birgə təşkilatçılığı ilə bu ölkənin paytaxtı Əmman şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan-İordaniya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “Azərbaycanın poçt markaları” adlı sərgi keçiriləcək.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, iyunun 13-də Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşları, İordaniyanın dövlət və ictimai xadimləri, iş adamları, habelə bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə İordaniya Poçt muzeyində sərginin açılış mərasimi olacaq.
İyunun 21-dək davam edəcək sərgidə Azərbaycanın sovet dövründə və müstəqillik illərində nailiyyətlərini əks etdirən, həmçinin görkəmli şəxsiyyətlərə həsr olunmuş poçt markaları nümayiş etdiriləcək.
Sərgi haqqında anons materialı İordaniyanın “Petra” rəsmi informasiya agentliyi, müxtəlif qəzet və saytlarda dərc olunub.