MƏDƏNİYYƏT
İordaniyadakı “Mayn hammamat” qaynar mineral bulaqları sağlamlıq bəxş edir VİDEO
Əmman, 18 aprel (AZƏRTAC). İordaniya böyük təəssürat, əla kurort istirahəti bəxş edə bilən və tarixi yerlərə maraqlı ekskursiyaların çoxluğu ilə seçilən ölkədir.
Heyrətamiz qaynar mineral bulaqlardan biri olan “Mayn hammamat” Ölü dənizin yaxınlığındakı Madaba şəhərinin 25 kilometrliyində yerləşir.
İordaniyanın bütün dünyada öz müalicəvi xüsusiyyətləri ilə məşhur olan Mayn kurortu onunla qiymətlidir ki, orada müalicəvi minerallarla zəngin çoxlu qaynar və soyuq yeraltı təbii bulaqlar vardır. Bura artıq neçə əsrdir ki, ölkənin milli sərvəti hesab edilir.
“Mayn hammamat” müalicəvi bulağı dəniz səviyyəsindən 264 metr aşağıda yerləşir, buna görə də Maynda temperatur həmişə İordaniyanın paytaxtı Əmmanın temperaturundan 10 dərəcə yüksək olur. Bu isə kurortun qonaqlarına sakit və müalyim iqlimindən zövq almağa, isti suda çimməyə və şəlalənin altında dayanmağa imkan yaradır. Eyni zamanda, günəşdən həzz almağı arzulayanlar bu istəklərinə nail ola bilərlər, çünki havanın temperaturu həmişə buna əlverişli şərait yaradır.
Turistlərin buraya gəlmələri üçün dolanbac yollarla böyük kanyonun dibinə enmələri lazımdır. Mayna yuxarıdan, kanyonun yüksəkliyindən baxanda Ölü dənizin qeyri-adi mənzərəsini və bulaqların isti sularının “Mayn hammamat”a necə töküldüyünü görmək mümkündür.
Bulaqlar bir neçə yüzillik ərzində unudulduqdan sonra ölkənin hakim dairələri onları müalicəyə ehtiyacı olan turistlər və yerli sakinlər üçün yenidən açmışlar. Hazırda bu bulaqlar müxtəlif maraqlara və sağlamlıq vəziyyətinə malik müştərilər üçün super müasir müalicə mərkəzi və otel yaratmaq üçün bazadır.
Şübhəsiz ki, bu qeyri-adi məkan sağlamlığın ümumi vəziyyətinə çox gözəl təsir edir, buna görə də insanlar müalicə olunmaq və sadəcə istirahət etmək üçün daim buraya təkrar-təkrar qayıdırlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman