MƏDƏNİYYƏT
İordaniyalı jurnalist Azərbaycanın turizm potensialı haqqında məqalə yazıb
Qahirə, 6 avqust, AZƏRTAC
Bu yaxınlarda Azərbaycana səyahət edən iordaniyalı jurnalist Adnan Əl-Tubasi “Amman News” və “Əlsaa” qəzetlərində “Azərbaycan: Odlar yurdu və gözəlliklər ölkəsi” sərlövhəli məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, müəllif ərəb turistlərə yay mövsümünü ecazkar təbiəti, mehriban və qonaqpərvər insanları və tarixi abidələri olan Azərbaycanda keçirməyi tövsiyə edib. O, özündə Qərb və Şərq memarlıq ənənələrinin sintezini əks etdirən Bakının, Xəzər sahillərinin füsunkar axşamları, habelə paytaxtın mükəmməl nəqliyyat və kommunikasiya sistemindən bəhs edib, dünyaşöhrətli arxitektor Zaha Hadidin dizaynı olan Heydər Əliyev Mərkəzinin binasının, tarixi abidələrin şəhərə xüsusi gözəllik bəxş etdiyini vurğulayıb.
Müəllif qeyd edib ki, iordaniyalı ailələr Azərbaycanda turistlər üçün yaradılan şəraitdən məmnun qalıb, “Odlar yurdu”na bir daha səyahət etmək istədiklərini bildiriblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə