SİYASƏT


İordaniyalı oxucuları Azərbaycanın diplomatik uğurları barədə məlumat verilib

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə iyulun 8-də İordaniyanın aparıcı “Addustour” və “Al-Rai” qəzetlərində, eləcə də www.orobanews.com yerli xəbər portalında Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatı dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycan diplomatiyasının 100 il ərzindəki fəaliyyəti və nailiyyətləri, SSRİ dövründəki vəziyyəti, habelə xüsusən ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən bu günədək çağdaş beynəlxalq konyunkturaya uyğun çevik və operativ fəaliyyəti barəsində geniş yer ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə hər il iyul ayının 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunduğu oxucuların diqqətinə çatdırılıb.

Yazıda Azərbaycanın qədim və zəngin dövlətçilik, diplomatiya tarixinə nəzər salınır, eramızdan əvvəl 4-cü minilliyində təşəkkül tapmış Qafqaz Albaniyasından ətraflı bəhs edilir, müasir Azərbaycan və Ermənistan respublikalarını, Cənubi Dağıstanı və Gürcüstanın bir hissəsini əhatə etmiş bu dövlətin dünya tarixinə, eləcə də Azərbaycan dövlətçiliyi tarixinə böyük şəxsiyyətlərdən birini - Cavanşir kimi müdrik hökmdarı, görkəmli dövlət xadimini, sərkərdə və mahir diplomatı bəxş etdiyi vurğulanır, Azərbaycan Respublikasında multikulturalizm siyasətinin Qafqaz Albaniyası ilə bağlılığı qeyd edilir.

Bəyanatda XV-XVII əsrlərdə Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin diplomatik əlaqələri və siyasi ənənələrinin, özünəməxsus xüsusiyyətləri və ənənəvi hüquq normalarının Yaxın və Orta Şərqin siyasi-iqtisadi münasibətlər sisteminin formalaşmasına əhəmiyyətli təsir göstərdiyi bildirilir.

Tarixi xronologiya əsnasında Azərbaycanın tarixi ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və parçalanması, ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi və bu prosesin regionun etnik mənzərəsinin süni şəkildə dəyişdirilməsi ilə nəticələndiyi oxucuların diqqətinə çatdırılır.

Bəyanatda Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət strategiyası, Xarici İşlər Nazirliyinin rəhbərləri, əməkdaşlarının sayı, fəaliyyəti və mühüm nailiyyətləri, habelə Cümhuriyyətin xaricdəki diplomatik təmsilçilik səviyyəsi və Bakıdakı diplomatik korpus barəsində dolğun məlumatlar verilir, 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi-siyasi təcavüzü Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun, milli dövlətçilik salnaməsində təqribən 70 illik növbəti fasilə yaranmasının səbəbləri kimi göstərilib.

Lakin ötən əsrin 70-80-ci illərində Azərbaycanın beynəlxalq əlaqələrinin əvvəlki illərə nisbətən genişləndiyi, 1978-1979-cu illərdə İran inqilabının və 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra Azərbaycanın sovet dövlətinin Şərq siyasətində yenidən mühüm rol oynamağa başladığı səfirliyin bəyanatında xüsusi vurğulanır.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına diqqət yönəldən səfirlik bu mühüm tarixi sənədin müddəalarına toxunur.

Səfirliyin bəyanatında böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə geniş yer ayrılıb. Qeyd edilib ki, 1993-cü ildən Azərbaycan Respublikası müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir, demokratik tərəqqi yolunu seçən bu siyasət Azərbaycan xalqının təhlükəsiz gələcəyini təmin etmək, Xəzər-Qafqaz bölgəsində Azərbaycanı ən mühüm ölkəyə çevirmək məqsədini güdür. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurur, kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan diplomatiyasının başlıca prioritetlərindən biri müasir mərhələdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır. Eyni zamanda, Ermənistan istisna olmaqla, bu gün bütün qonşu dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlıq regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsi barədə müfəssəl məlumat da əksini tapıb. Həmçinin Azərbaycan xalqının ədalətli mövqeyinə verdiyi güclü dəstəyə görə İordaniya Haşimilər Krallığının rəhbərliyi, hökuməti və xalqına dərin təşəkkür ifadə edilib.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan düşünülmüş xarici siyasətin nəticəsidir ki, Azərbaycan 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilib, üzvü olduğu 2012-2013-cü illərdə beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə öz mühüm töhfəsini verib. Bəyanatda Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədrlik edəcəyi qeyd edilir, paytaxtımızın 2019-cu ilin 25-26 oktyabr tarixlərində təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcəyi bildirilir.

Bəyanatda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri sayəsində ölkəmizin UNESKO və İSESKO kimi mühüm beynəlxalq təşkilatlarla yüksək səviyyədə faydalı əməkdaşlıq əlaqələri qurduğu vurğulanır. Ölkəmizin 2015-ci və 2017-ci illərdə müvafiq olaraq, Birinci Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyi diqqətə çatdırılır.

Bildirilir ki, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin varisi olan və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və milli maraqlara cavab verən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ciddi uğurlara imza atıb, sürətli iqtisadi inkişafla dünyadakı mövqelərini qoruyub saxlamağa müvəffəq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.