SİYASƏT
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
Əmman, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev ötən 15 ildə müdrik siyasət yürüdüb, sarsılmaz iradə nümayiş etdirib, öz xalqının rifahı naminə bütün sahələrdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, möhtəşəm uğurlar qazanılması üçün böyük səy göstərib.
İordaniyalı məşhur ictimai xadim, politoloq Miad Xater bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən daimi təcavüzə və soyqırımına baxmayaraq, Azərbaycanın dövlət başçısının siyasi iradəsi və müdrikliyi sayəsində ölkədə rekord dərəcədə qısa müddətdə sanballı uğurlar qazanılıb. Ölkənin sosial-iqtisadi inkişafı sahəsində ciddi nəticələr əldə edilib. Səmərəli iqtisadi islahatlar aparılıb, iqtisadiyyatın inkişafı və ölkəyə xarici investisiyalar cəlb edilməsi üçün qanunvericilik bazası yaradılıb, möhtəşəm layihələr həyata keçirilib, ölkə iqtisadiyyatının möhkəmlənməsinə kömək edən çoxsaylı genişmiqyaslı sazişlər imzalanıb. Sürətli sıçrayış etmiş Azərbaycan bu gün dinamik inkişaf edən mütərəqqi ölkələr sırasına daxildir və haqlı olaraq regionun lideri sayılır.
Miad Xater deyib: “Prezident İlham Əliyev ölkədə öz xalqı üçün əlverişli şərait yaradıb, bu xalq da öz növbəsində dövlətin bütün istiqamətlər üzrə inkişafına çox böyük töhfələr verir.
AZƏRTAC-ın müsahibi vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb. Dünyanın bir sıra ölkələri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxarılması və qaçqınların öz doğma yurdlarına qaytarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olması barədə tələblərlə çıxış ediblər. O qeyd edib ki, İordaniya həmişə Azərbaycanın yanındadır və Qarabağ münaqişəsi barədə Azərbaycanın ədalətli mövqeyini bütün beynəlxalq məkanlarda dəstəkləyir. Miad Xater deyib: “Qeyd etmək istəyirəm ki, İordaniya Kralı II Abdulla ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında möhkəm və səmimi dostluq münasibətləri var, bir sıra aktual məsələlər barəsində onların mövqeləri və fikirləri üst-üstə düşür”.
Politoloq xüsusi vurğulayıb ki, müsəlman ölkələri və dünyanın bütün dövlətləri ilə möhkəm dostluq münasibətləri yaratmış Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mərkəzidir. Ölkədə mütəmadi olaraq genişmiqyaslı beynəlxalq konfranslar və digər qlobal tədbirlər keçirilir.
Onun sözlərinə görə, Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinin dərin kök saldığı, dini etiqad azadlığı və dini dözümlülük diyarı kimi məşhurdur. Burada bütün millətlərin, konfessiyaların və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır. Azərbaycan həqiqi islami dəyərlərin qorunmasında və bütün dünyada təbliğində, sivilizasiyalararası dialoqun nizamlanmasında sanballı rol oynayıb. 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi haqqında Prezident İlham Əliyevin təşəbbüsü, Bakıda Birinci Avropa Oyunlarının, Dördüncü İslam Həmrəyliyi Oyunlarının keçirilməsi əlamətdar hadisələr olub. Bütün bunlar təsadüf deyil, Azərbaycan rəhbərliyinin siyasi iradəsinin, ölçülüb-biçilmiş strategiyasının nəticəsidir.
İordaniyalı politoloq sonda qeyd edib ki, bu gün Prezident İlham Əliyev həqiqətən həm xalqının, həm də bütün dünya birliyinin nəzərində böyük hörmət qazanıb. O deyib: “Prezident Azərbaycan xalqının rifahı naminə titanik fəaliyyətini bu gün də davam etdirir. Sevindirici haldır ki, Azərbaycan xalqı öz liderinə və onun yürütdüyü siyasi və sosial-iqtisadi kursa həmişə yüksək etimad göstərir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman