SİYASƏT
İordaniyanın “Əd-Dustur” qəzetində “Unudulmuş işğal” sərlövhəli məqalə dərc olunub
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də İordaniya Haşimilər Krallığında geniş oxucu kütləsinə malik “Əd-Dustur” hökumət qəzetində akademik Mərvan Sudahın “Unudulmuş işğal” sərlövhəli məqaləsi işiq üzü görüb.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.
Məqalənin müəllifi iyulun 12-də bütün dünyanın Ermənistanın növbəti təcavüzünün – Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi hücumunun şahidi olduğunu qeyd edib. Qəfildən baş verən hücum zamanı erməni silahlı qüvvələrinin müxtəlif silah növlərindən istifadə etdikləri vurğulanır.
Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi barədə oxuculara məlumat verilir, Ermənistanın hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı qeyd olunur. Diqqətə çatdırılır ki, Ermənistanın nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadan işğalı davam etdirir.
Ermənistanın son təxribatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin şəhidlərin qanının yerdə qalmayacağını və onların qisasının alınacağını bəyan etdiyi vurğulanır.
Sonda 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı kommünike qəbul etdiyi oxucuların diqqətinə çatdırılır və sənədin məzmunu barədə onlara məlumat verilir.