SİYASƏT
İordaniyanın “Uruba” xəbər agentliyi V Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə yayıb
Əmman, 10 oktyabr, АZƏRTAC
İordaniyanın “Uruba” xəbər agentliyində sentyabrın 29-30-da Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu haqqında məqalə yerləşdirilib.
Məqalədə Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin, həmçinin İordaniyanın böyük nümayəndə heyətinin iştirak etdiyi bildirilir.
Eyni zamanda, məqalədə Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinə toxunulub, bu Forumun ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayacağı vurğulanıb. Yazıda beşinci Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın insan haqlarına verdiyi böyük töhfənin bariz nümunəsi olduğu bildirilir.
Azərbaycanın 2016-cı ildə bir sıra tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, jurnalistlərin ümumi məsələlərdə səylərinin birləşdirilməsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının Jurnalistlər Assosiasiyasının konfransına ev sahibliyi etməsi vurğulanır.
Məqalədə, V Bakı Beynəlxalq Humanitar Forumu ilə yanaşı, Azərbaycanda keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisindən və İordaniyanın sözügedən sərgidə iştirakından geniş bəhs edilir.
Yazıda Roma Papası Fransiskin Bakıya səfərindən də söhbət açılır. Bildirilir ki, Roma Papası Azərbaycana səfəri zamanı Qafqazda sülhün bərqərar olunmasının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, məqalədə Azərbaycanın son on ildə qazandığı nailiyyətlərdən bəhs edilir.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman