SİYASƏT
İordaniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
Bakı, 8 noyabr, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşen ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Sonra səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov Səmi Abdulla Ğoşeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.