MƏDƏNİYYƏT
“İpək Yolu” V Beynəlxalq musiqi festivalının iştirakçıları Niyazinin mənzil-muzeyində olmuşlar
Bakı, 9 iyul (AZƏRTAC). Şəkidə keçirilmiş “İpək Yolu” V Beynəlxalq musiqi festivalının iştirakçıları iyulun 9-da Niyazinin mənzil-muzeyində olmuşlar.
Görüşdə Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının videogörüntüsü nümayiş etdirilmişdir.
Festivalın təşkilatçısı, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bu mötəbər musiqi bayramı haqqında təəssüratlarını bölüşmüşdür.
Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan ABİ-nin məsul katibi Lalə Hüseynova “İpək Yolu”nun marşrutunun bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçdiyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ifasında səsləndirilmiş xalq havalarımızın, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirdiyini, İstanbulun məşhur Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirdiyini bildirmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Əməkdar Artist Munis Şərifov və digər çıxış edənlər festivalın qədim tarixi məkan olan Şəkidə keçirilməsinin xaricdən gəlmiş incəsənət ustaları üçün də maraqlı olduğunu söyləmişlər.
Azərbaycanın qədim musiqi alətləri ansamblının təqdim etdiyi qədim xalq havaları, ansamblın solisti, Əməkdar Artist Nuriyyə Hüseynovanın ifasında qədim xalq mahnısı “Sarı gəlin” festivalın iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.