REGİONLAR
İplik və hazır tekstil fabriklərinin tikilməsinə ehtiyac var
Bakı, 30 yanvar, AZƏRTAC
İplik və hazır tekstil fabriklərinin tikilməsinə ehtiyac var. Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda deyib.
İpəkçiliyin inkişafı ilə bağlı çox ciddi addımların atıldığını deyən dövlətimizin başçısı qeyd edib ki, artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzi yaradılır: “Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər”.