İQTİSADİYYAT
İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı, 23 aprel, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2023008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, fonddan daxil olan məlumata əsasən, aprelin 15-də AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2023008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, aprelin 14-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 926.2250 AZN təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 926.2250 AZN məbləği əsasında hesablanacaq.
BFB-də AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2023008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 926.2250 AZN olması nəzərə alınmalıdır.