İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1010,7499 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 23 ildir. "BTB-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.