İQTİSADİYYAT


İqbal Hüseynov: Azərbaycan beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib

Bakı, 16 aprel, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC Moskvada "TransRussia-2019" XXIV Beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisində təmsil olunub.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 15-dən 17-dək davam edəcək sərgidə 27 ölkədən 395-dən çox şirkət müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi, əndazəsiz yüklərin daşınması üzrə xidmətlərini təqdim edirlər.

Sərgidə ilk dəfə olaraq, Azərbaycan milli pavilyonu fəaliyyət göstərir. 120 kvadratmetr sahədə qurulan pavilyonda "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının stendləri yerləşir. Hər üç şirkətin nümayəndələri sərgi iştirakçılarına ölkəmizin tranzit imkanları, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanları və üstünlükləri barədə ətraflı məlumat veriblər. Azərbaycanın milli pavilyonu media nümayəndələrinin də diqqət mərkəzində olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov sərgini işıqlandıran media nümayəndələrinə müsahibə verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Qeyd edək ki, sərginin ilk günündə ziyarətçilərin sayı 16 mini keçib. Azərbaycanı təmsil edən qurumların stendləri də xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Müşahidəçilər ötən illərlə müqayisədə istər sərgidə iştirak edən şirkətlərin, istərsə də ziyarətçilərin Azərbaycanın nəqliyyat sahəsinə marağının artdığını qeyd edirlər. Sərgi çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib.

Sərgidə təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə qala-gecə keçirilib. Azərbaycanın milli stendi "Ən yaxşı milli ekspozisiya" nominasiyası üzrə qalib elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.