SİYASƏT


İqbal Məmmədov: Qubadlı rayonu yenidən qurulacaq və ölkə iqtisadiyyatına öz töhfəsini verəcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin birinci ildönümünü təntənə ilə qeyd etməkdədir. Biz ilk dəfə olaraq tarixdə həm sevincimizi, həm də kədərimizi eyni vaxtda yaşayırıq.

Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı rayonunu düşməndən xilas etdi. Rayonun işğaldan azad olunması Vətən müharibəsinin taleyində mühüm rol oynadı. Çünki bu rayonun azad olunması ilə Laçın istiqamətində yol açıldı və Laçın dəhlizi Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat bildirib: “Biz Qələbəmizi dövlətimizin qüdrəti və xalqımızın lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində qazandıq. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də məhz bu arzunun reallaşdırılması dayanırdı. Dövlətimizin başçısı hələ 2003-cü ildə Prezident seçiləndə xalqa söz vermişdi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək. Prezident xalqa verdiyi sözə, vədə əməl etdi. Bu vədə əməl etmək üçün isə müəyyən vaxt və hazırlıq lazım idi. Ölkənin həm daxili, həm də xarici siyasətində hər şey düşünülmüş və planlı şəkildə aparılırdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması istiqamətində məqsədyönlü işlər görülürdü. Prezident İlham Əliyev iştirak və çıxış etdiyi beynəlxalq platformalardan ölkəmizin haqq səsini dünyaya çatdırırdı. Çünki informasiya müharibəsi də çox vacib idi. Biz Ermənistanla müharibəni əvvəlcə informasiya cəbhəsində qazandıq. Hər bir azərbaycanlı ümumi iş uğrunda birləşdi, həmrəy oldu. Məhz bu birliyin, bu həmrəyliyin qarşısında düşmən tab gətirə bilmədi və təslim oldu”.

Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlər həyata keçirdiyini xatırladan İ.Məmmədov diqqətə çatdırıb ki, dövlətimizin başçısı bu torpaqlarda həyata keçirilən tikinti və quruculuq işləri ilə yaxından maraqlanır, bütün prosesləri detallarına qədər öyrənir. “Dövlətimizin başçısı işğaldan azad edilmiş rayonların Baş planları ilə yaxından tanış olur, öz fikir və mülahizələrinin bildirir. Prezident Qubadlı şəhərinin Baş planının hazırlanması və bu planda Qubadlının təbiətinin, tarixi keçmişinin nəzərə alınması barədə öz xüsusi tapşırıqlarını və tövsiyələrini verdi. Dövlətimizin başçısı rayonlara səfərləri zamanı yerli sakinlərlə səmimi görüşür, onların fikirlərini dinləyir. Qubadlıda da belə oldu. Prezidentimizin 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı ilə səmimi söhbəti onun bir dövlət başçısı kimi nəcib, alicənab insan olmasının göstəricisidir. Gənclərimiz, əsgərlərimiz belə səmimi münasibətdən stimul alır və bu, onları dövlətimiz, Vətənimiz üçün cani-könüldən çalışmağa ruhlandırır”, - deyə deputat əlavə edib.

Azərbaycan xalqının qalib və qurucu xalq olduğunu bildirən İ.Məmmədov qeyd edib: “Biz erməni vandalizminə məruz qalmış, viran qalmış ərazilərimizi yenidən dirçəldəcəyik, torpaqlarımızı yenidən əkib becərəcəyik. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, biz qurucu xalqıq. Biz bütün ərazilərimizi, rayonlarımızı, şəhərlərimizi müasir standartlara uyğun tikib quracağıq. Biz Qarabağımızı cənnətə çevirəcəyik. Qubadlı rayonu da yenidən qurulacaq, inkişaf edəcək və ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Çünki bu torpaqlar bərəkətlidir və zəngin təbiətə malikdir”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.