CƏMİYYƏT


İqlim Dəyişmələri üzrə Konfransda fəlakətli yoldan geri qayıtmaq çağırışı səslənib

Bakı, 11 dekabr, AZƏRTAC 

BMT, İspaniya və Çili nümayəndələri Madriddə İqlim Dəyişmələri üzrə Konfransda yüksək səviyyəli seqmenti açarkən siyasətçiləri vaxt itirmədən mühüm qərarlar qəbul etməyə çağırıblar. Çox vacib məsələlərdən biri parnik qazları tullantılarını əsaslı şəkildə azaltmaq və “emissiyalar bazarı”nın yaradılması tədbirlərini razılaşdırmaq olub.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Dünya Meteorologiya Təşkilatının baş katibi Peteri Taalas iki iri tədqiqatın xoşagəlməz nəticələrini xatırladıb: bunların birincisi sentyabrda İqlim Sammitində təqdim edilib, ikincisi Madrid konfransı ərəfəsində açıqlanıb.

P.Taalas deyib: “Qlobal istiləşmə davam edir, orta qlobal temperatur sənayeləşmədən qabaqkı dövrdən etibarən 1,1 faiz artıb. Okean yarım dərəcə qızıb. Təqribən 220 milyon insan ekstremal istilərdən əziyyət çəkir, 800 milyondan çox insan ərzaq çatışmazlığı hiss edir”.

BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande konfrans iştirakçılarına müraciətində deyib: “Elmi məlumatlar həm qlobal, həm də milli səviyyələrdə təxirəsalınmaz addımlar atılmasının zəruri olduğuna şübhə yeri qoymur”. O vurğulayıb ki, parnik qazları emissiyaları təcili surətdə və əhəmiyyətli dərəcədə azaldılmalıdır. Əks təqdirdə Paris İqlim Sammitinin orta qlobal temperaturun artmasını 2-1,5 dərəcə civarında saxlamaq hədəfi əldə edilməyəcək. Üstəlik, tullantılar daim artır və əgər vəziyyət dəyişməsə, əsrin sonuna qədər temperatur 3-4 dərəcə artacaq. Bu isə fəlakət deməkdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasının icraçı katibi Patrisiya Espinosa deyib: “Biz yanlış yolda irəliləyirik”. O bildirib ki, Paris sazişi artıq bir çox aspektlər üzrə yerinə yetirilir, lakin razılaşdırma tələb edən ən mühüm məsələlərdən biri VI maddəni həyata keçirməkdir. Yeri gəlmişkən, elə bu maddədə parnik qazları emissiyalarının azaldılmasının zəruriliyindən, habelə iqlim dəyişmələrinə qarşı mübarizədə özəl sektorun rolundan danışılır. Bundan əlavə, həmin maddə “emissiyalar ticarəti” imkanını nəzərdən keçirir. Tullantılarının həcmi müəyyən olunan normadan aşağı olan ölkə bu fərqi tullantılarla bağlı öhdəliklərini yerinə yetirməyən dövlətə sata bilər. Bu mexanizm yalnız tullantıların qlobal həddinin müəyyən edilməsi və mübadilə zamanı həmin həddin artırılmaması şərti ilə işləyə bilər. P.Espinosa Paris Sazişinin iştirakçısı olan ölkələrin nazirlərinə müraciətində etiraf edib ki, bir çox texniki məsələlərin həllini gələcəyə saxlamaq lazım gələcək. Lakin bu gün burada, Madriddə razılıq əldə etmək lazımdır. “Biz son beş ildə ciddi irəliləmişik, lakin indi sıçrayış edib işimizi başa çatdırmalıyıq”, - deyə iqlim konvensiyasının katibliyinin rəhbəri fikrini tamamlayıb.

Xatırladaq ki, Paris sazişinin hüquqi qüvvəsi yoxdur, dövlətlər iqlim sahəsində milli planları könüllü qəbul edirlər. Ötən il Katovitsedə keçirilən konfransda onlar Paris Sazişinin kifayət qədər ümumi olan müddəalarının yerinə yetirilməsinin konkret “qaydalarını” razılaşdırmalı idilər. Lakin buna tam müvəffəq ola bilməyiblər. Könüllü milli öhdəliklərə (NDC) gəldikdə isə gələn il dövlətlər daha cəsarətli yeni planlar təqdim etməlidirlər.

Patrisiya Espinosa xəbərdarlıq edərək deyib: “2020-ci ilin qədəm qoymasına cəmi bir neçə həftə qalır. Biz gözləyirik ki, gələn il daha iddialı öhdəlikləri olan yeni NDS-lər təqdim ediləcək. Əgər bu baş verməsə, ola bilsin, sadəcə imkanlar pəncərəsi bağlanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.