CƏMİYYƏT


İqlim sammitində danışıqlara yekun vurulur

Madrid, 13 dekabr, AZƏRTAC

Dekabrın 2-dən 13-dək Madriddə keçirilən SOR-25 iqlim sammitində karbon bazarları, tullantıların azaldılması, habelə iqlim dəyişiklikləri nəticəsində yaranmış itkilərin kompensasiya edilməsi ilə bağlı qərarlar qəbul etməyə cəhd göstərilir.

AZƏRTAC xəbər verir ki, cümə axşamı sammitdə karbon neytrallığı üçün son möhlət, “yaşıl” iqlim fonduna töhfələr, tullantı ticarəti bazarının nizamlanması ilə bağlı məsələlər müzakirə edilib. Hələlik bu məsələlər barəsində ortaq fikrə gəlmək mümkün olmayıb.

İspaniyanın ekoloji dəyişikliklər naziri Teresa Ribera təəssüflə qeyd edib ki, bəzi ölkələr iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini təxirə salmaq üçün Paris sazişinin “xırda şrifti” arxasında gizlənirlər. Tərəflərin mənafeləri arasında yaranan münaqişə sammitdə danışıqların səmərəsini azaldır. Xatırladaq ki, bu sammitin iki əsas məqsədi vardı. Onlardan biri daha çox texniki, digər isə siyasi xarakter daşıyır. Bir tərəfdən, Paris sazişinin karbon bazarları ilə bağlı maddəsində nəzərdə tutulan tədbirlər başa çatdırılmalıdır. Digər tərəfdən, Avropa İttifaqı məkanındakı dövlətlər və digər inkişaf etmiş ölkələr sərt mövqe tutaraq iddia edirlər ki, bu bazarlara etibarlı nəzarət edilir.

Braziliya, Hindistan və Çin kimi ölkələr bu fikirlə razılaşmırlar. BMT və Avropa İttifaqı da hesab edir ki, ölkələr 2020-ci ildən başlayaraq tullantıların azaldılması ilə bağlı daha ambisiyalı planlar təqdim etməlidirlər. Lakin inkişaf etməkdə olan ölkələrin digər bloku həmin məqamın təxirə salınmasının tərəfdarıdırlar.

Hindistan faktiki olaraq, 2023-cü ilə qədər bu istiqamətdə hər hansı tədbirlər görməyə hazırlaşmadığını elan edib. Ekoloji Pakt üzrə Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermansın sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinə uyğunlaşmaq üçün onların çəkəcəyi xərclər barədə narahatlıq başa düşüləndir. Bütün bu gərginliyə baxmayaraq, Frans Timmermans ümid edir ki, SOR-25 görüşündə razılığa gəlmək mümkün olacaq. Hadisələrin gedişindən görünür ki, sammit rəsmən planlaşdırıldığı kimi cümə günü, dekabrın 13-də deyil, şənbə günü, dekabrın 14-də başa çatacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.