ELM VƏ TƏHSİL
İqlimşünas alim Xəzərin səviyyəsi ilə bağli fikirlərini bölüşüb
Bakı, 19 avqust, AZƏRTAC
Dənizin insan həyatında, ölkə iqtisadiyyatında oynadığı rol böyükdür. Ona görə də Xəzərin suyunun getdikcə azalması böyük problemlərə yol açır.
AZƏRTAC xəbər verir ki, bu barədə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov danışıb.
Coğrafiyaçı alim dənizin səviyyə tərəddüdlərinin iqlim amilləri ilə bağlı olduğunu və səviyyəsinin onun su balansı ilə müəyyən olunduğunu vurğulayıb. O bildirib ki, səviyyənin gəlir hissəsi ona tökülən çaylar və yağıntılardan, çıxar hissəsi isə buxarlanmadan asılıdır. Əgər buxarlanma çayların gətirdiyi və yağıntıların suyundan çoxdursa səviyyə aşağı düşür, əksinə olduqda isə səviyyə qalxır. Tarix boyu bu proses belə davam edib.
Xəzərə gələn suyun 80 faizinin Volqa çayının payına düşdüyünü diqqətə çatdıran alim dənizin indiki vəziyyətinin çayın suyunun kəskin buxarlanması və Volqa boyu tikilən çoxlu sayda su anbarlarının olması ilə əlaqələndirir.
İqlimşünas alim küləklərin istiqamətinin, sürətinin dəyişməsinin qlobal hava dövranına təsirini də qeyd edib. Onun sözlərinə görə, Xəzərin səviyyəsinin yuxarı olduğu dövrdə şimal və şimal-qərb istiqamətlərində əsən küləklər, aşağı olduğu dövrdə isə Orta Asiyadan əsən şərq küləkləri üstünlük təşkil edib.
Alim onu da vurğulayıb ki, Coğrafiya İnstitutunun əməkdaşı Elnur Səfərov birillik razılaşma əsasında Cenevrədəki alimlərlə birgə bu istiqamətdə eksperimentlər aparır, Cənubi osilyasiya indeksinin təsirlərini araşdırır.