ELM VƏ TƏHSİL
İqtisad Universiteti Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə əməkdaşlığı genişləndirir VİDEO
Bakı, 3 iyul, Elvira Məmmədova, AZƏRTAC
İyulun 3-də Rusiya Federasiyasının “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ADİU-nun rektoru, professor Ədalət Muradov dinamik inkişaf edən Azərbaycanın iqtisadi uğurlarından və Rusiya ali təhsil müəssisəsi ilə əməkdaşlığın perspektivlərindən danışıb.
Bildirilib ki, bu il aprelin 17-də ADİU ilə “Ali İqtisad Məktəbi” arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə hər iki ali məktəb arasında potensial əməkdaşlığın əsas istiqamətləri kimi bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının, tələbə, magistrant və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkili, müvafiq mövzular üzrə elmi tədqiqatların aparılması, beynəlxalq elmi-tədqiqat qrant layihələrində iştirak nəzərdə tutulur. Bundan əlavə, sənəddə hər tədris ilində bir qrup tədqiqatçının digər universitetdə tədqiqat aparması, yeni tədris metodları, modullar üzrə təhsil, tədris prosesinin elektronlaşdırılması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi və digər məsələlər üzrə təcrübə mübadiləsi, birgə konfransların keçirilməsi, Ali İqtisad Məktəbi Olimpiadasının hər il ADİU-nun ev sahibliyi ilə reallaşdırılması məsələləri yer alıb.
Ə.Muradov qeyd edib ki, ali təhsil müəssisələri arasında əməkdaşlığın təməli 2014/2015-ci tədris ilində hər iki universitetin beynəlxalq əlaqələr üzrə müvafiq strukturları arasında potensial əməkdaşlıq imkanlarına dair fəal yazışmaların həyata keçirilməsi ilə başlayıb. Bu ilin fevralında ADİU-da nüfuzlu “Ali İqtisad Məktəbi”nin Azərbaycan üzrə olimpiadası keçirilib. Həmin olimpiadada 50-dək azərbaycanlı tələbə iştirak edib və ADİU-nun iki tələbəsi qalib olub. Hər iki tələbə “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin magistratura pilləsində ödənişsiz təhsil almaq imkanı əldə edib.
Y.Kuzminov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, “QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti 1992-ci ildə yaranıb. Universitetin 25 minlik tələbə kontingenti və 2500 nəfərlik tədris heyəti var, 35 min məzunu olan universitet liseydən aspirantura və MBA səviyyəsinədək təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə və ikili diplom proqramlarına malik olan bu ali təhsil müəssisəsində sosial-iqtisadi ixtisaslarla yanaşı, humanitar, mühəndis və kompyuter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.
Sonda Y.Kuzminov iştirakçıların suallarını cavablandırıb.