ELM VƏ TƏHSİL
İqtisadçı alimin elmi məqaləsi Macarıstanda dərc olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor Təbriz Əliyevin məqaləsi Macarıstanda impakt faktorlu “Elmi irs” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın dayanıqlı və inklüziv konsepsiya əsasında bərpa edilməsi” adlı məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında əldə olunmuş nailiyyətlər, beynəlxalq təşkilatların qiymətləndirməsinin nəticələrinə əsasən ölkənin yüksələn reytinqi, uğurlu islahatlar, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən irimiqyaslı tədbirlər, böyük layihələr, sürətlə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunur. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində dəymiş zərərin həcmi ilə bağlı faktlar, dəymiş ziyanın miqdarı və strukturu, mədəni irsin dağıdılması, ekoloji terror, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin əldə edilməsi haqqında məlumatlar verilir. Bundan əlavə, məqalədə Qarabağ və Şərqi Zəngəzur ərazilərində faydalı qazıntılar, xammal, enerji və su ehtiyatlarının olması, turizm imkanları sistemləşdirilib. Habelə Qələbədən sonra son bir ildə görülmüş işlərə xüsusi diqqət yetirilməklə, bu regionların iqtisadi inkişaf imkanlarının əsas istiqamətləri təsvir edilib. Davamlı və inklüziv iqtisadi tərəqqi, inteqrasiya olunmuş innovativ infrastrukturun və sahibkarlığın inkişafı ilə bağlı təklif və tövsiyələr verilib.