ELM VƏ TƏHSİL
İqtisadçılar və tələbələr “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabını Azərbaycan dilində oxuyacaqlar
Bakı, 17 dekabr, AZƏRTAC
Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət”, “Makroiqtisadiyyat” və “Mikroiqtisadiyyatın əsasları” kitabları Azərbaycan dilinə tərcümə olunub.
Kitabların tərcüməsi və nəşri “BP-Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə reallaşıb. Tərcümə prosesində iqtisadi termin və söz birləşmələrindən ibarət qısa lüğət də hazırlanıb. Ölkədə iqtisad elminin tədrisində mühüm rol oynayacaq kitablar geniş ictimaiyyətə təqdim olunub.
“Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabının Azərbaycan dilinə tərcümə olunmasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları aparıcı rol oynayıblar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, nəfis tərtibat və yüksək keyfiyyətlə nəşr olunan kitabın tərcüməsinin elmi redaktoru beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayevdir. Dünyanın nüfuzlu universitetlərində iqtisad elmi üzrə istifadə olunan kitabda müəlliflər beynəlxalq ticarət mənbələri ilə bağlı ənənəvi fikir və müqayisəli təhlillər vasitəsilə miqyas iqtisadiyyatını ortaya qoyublar.
Nəşrdə beynəlxalq iqtisadiyyat fənninin ən önəmli yenilikləri yer alıb. Kitabda oxucular real həyat hadisələri ilə nəzəri baxışları əks etdirən çox maraqlı nümunələr və konkret məqamlarla tanış olacaqlar.