İQTİSADİYYAT


İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının (ECO CCI) 18-ci Baş Assambleyasının iclasında iştirak edib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, ECO CCI-yə üzv olan ticarət və sənaye palatalarının nümayəndələrinin təmsil olunduğu tədbirdə ECO CCI-nin baş katibi Adem Kula, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlı, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Suleimanpour və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Anjum Nisar son günlər ölkəmizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərini pisləyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə çıxış edən ASK-nın vitse-prezidenti V.Zeynalov Azərbaycanın haqlı mübarizəsində göstərilən dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib. O, sentyabrın 27-dən başlayaraq hazırkı dövrə qədər baş vermiş bütün aqressiya aktları, eləcə də Gəncə şəhərinə terror hücumları barədə qonaqlara geniş məlumat verib. V.Zeynalov bu dövr ərzində Azərbaycan sahibkarlarının dövlətimizin yanında olduğunu bir daha vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən nümayəndələr təşkilata üzv dövlətlər arasında pandemiya səbəbindən bir sıra məhdudiyyətlərin tətbiq edildiyini, bunun da öz növbəsində ticarətə mənfi təsir göstərdiyini bildiriblər. Təklif olunub ki, quruma üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar sadələşdirilsin, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilsin, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılsın. Eyni zamanda, post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

Görüş zamanı özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.