SİYASƏT
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 10 iyul, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini, Finlandiyanın sabiq Baş naziri Mari Kiviniemi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib. Bildirib ki, bir milyondan artıq azərbaycanlı, o cümlədən yüz minlərlə qadın Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Onların hüquqları bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqların qətlə yetirilməsinə, yüz minlərlə azərbaycanlı qadının hüquqlarının pozulmasına laqeyd qalmamalıdırlar.
Milli Məclisin deputatı ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən də bəhs edib.
Q.Paşayeva Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, əlaqələrin genişlənməsinin hər iki tərəf üçün önəmli olduğunu vurğulayıb.
Görüşdə qonağa Azərbaycan həqiqətlərinə, tarixinə və mədəniyyətinə aid kitablar, sənədli filmlər təqdim edilib.