İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Belarusun Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlığı genişləndirir
Bakı, 13 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Belarusun Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi (ICSTI) ilə əməkdaşlığı genişləndirir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ICSTI ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki texnologiyaların təşviqinin genişləndirilməsi istiqamətində iş aparır. ICSTI ilə əməkdaşlıq çərçivəsində sahibkarların və maraqlı tərəflərin, xarici bazalara çıxış əldə etmək istəyən fiziki və hüquqi şəxslərin təklif etdikləri layihələr haqqında məlumatlar toplanır. Sonrakı mərhələdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən ICSTI-yə təqdim ediləcək bu məlumatlar Belarusun Texnologiya Transferi Mərkəzinin (RCTT) portalında yerləşdiriləcək.
Xatırladaq ki, RCTT Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi (ICSTI) və dünyanın 23 ölkəsindən olan 90 təşkilatla əməkdaşlıq edir. Qurum xarici tərəfdaşlarının təklif etdiyi layihələri öz portalında, Rusiya Texnologiya Transferi şəbəkəsində, Amerikanın AUTM Texnologiya Transferi üzrə Universitet Menecerləri Assosiasiyası və "Yet2.com" texnologiya transferi şəbəkələrində, xarici və yerli informasiya agentlikləri və nəşrlərində yerləşdirir.
RCTT dövlət qurumlarına, kiçik və orta biznes müəssisələrinə, fiziki şəxslərə texnologiya transferi sahəsində xidmət göstərir. RCTT müştərilərinə beynəlxalq texnologiya transferi və elmi-texniki informasiya bazalarına girişi təmin edir, innovasiya fəaliyyəti subyektlərinə innovasiya və investisiya layihələrinin işlənməsində, habelə beynəlxalq elmi-texniki əməkdaşlıqda dəstək göstərir.