İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “EconLAB” iqtisadi təhlil labaratoriyasını formalaşdırıb
Bakı, 20 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dünyada tanınmış beyin mərkəzlərindən biri “EconLAB” iqtisadi təhlil laboratoriyasını formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də keçirilən konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.
“Bu gün İİTKM-in fəaliyyətə başlamasından 5 il ötür. Mərkəz Azərbaycanda aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb. İİTKM yarandığı 5 il ərzində 50-dək strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri və digər sənədlərin hazırlanmasında, habelə Qarabağın reinteqrasiyası üçün lazım olan iqtisadi əsaslandırma prosesində iştirak edərək islahat gündəliyinin formalaşmasına töhfə verib”,- deyə V.Qasımlı bildirib.