İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Pakistanın beyin mərkəzləri ilə əməkdaşlığa başlayır
Bakı, 17 iyun, AZƏRTAC
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Pakistan İqtisadiyyat İnkişaf İnstitutu (PIDE) arasında onlayn görüş keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Pakistanın ölkəmizdəki səfiri Bilal Haye iqtisadi siyasət sahəsində Azərbaycan və Pakistanın beyin mərkəzləri arasındakı əlaqələrin əhəmiyyətinə dair giriş nitqi söyləyib və görüşə moderatorluq edib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, “Doing Business” hesabatında yüksək nəticələr göstərən islahatçı ölkə mövqeyi, Azərbaycanda strateji idarəetmənin uğurla tətbiqi və İİTKM tərəfindən həyata keçirilən monitorinq və qiymətləndirmə fəaliyyətləri, eləcə də “Azexport.az”, “EnterpriseAzerbaijan.com”, “Digital Ticarət Mərkəzi”, “Azranking.az” və Bir Pəncərə İxraca Dəstək Mərkəzi kimi layihələri barədə məlumat verib.
V.Qasımlı, eyni zamanda, İİTKM-də makroiqtisadi təhlillərin aparmasında istifadə olunan Azərbaycan iqtisadiyyatı və ekonometrik modellərini və İqtisadi Artım Diaqnostikası tədqiqatını təqdim edib. O, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Cənubi Qafqaz bölgəsindəki yeni mənzərənin və bərpa ediləcək Zəngəzur nəqliyyat dəhlizinin regional ticarət və tranzit marşrutlarına təsirini vurğulayıb. V.Qasımlı pakistanlı beyin mərkəzindən olan həmkarlarını bölgənin ticarət və nəqliyyat potensialı üçün ortaq araşdırmalar və siyasət təhlili müzakirələrində Azərbaycan ilə Pakistan da daxil olmaqla “Şərq-Qərb” nəqliyyat dəhlizi ölkələri arasında ticarət dövriyyəsinin artmasına kömək edəcək əməkdaşlıq əlaqələrinin qurulmasına dəvət edib.
Pakistan İqtisadi İnkişafı İnstitutunun rəhbəri Nadim ul Haqq inkişaf iqtisadiyyatı, Pakistanla əlaqəli iqtisadi sahədə nəzəri və empirik araşdırmalar aparan Pakistan hökumətinin müstəqil tədqiqat təşkilatı olan Pakistan İqtisadiyyat İnkişaf İnstitutunun fəaliyyəti barədə məlumat verib. O, PIDE-nin sosial siyasət məsələlərində araşdırmalar apardığını qeyd edərək, 61 il ərzində institutun beynəlxalq nüfuz və tanınma qazandığını və məsləhət komitəsində Nobel mükafatı laureatı Robert A.Mundell kimi məşhur iqtisadçıların təmsil olunduğunu bildirib. Nadim ul Haqq PIDE-nin Dövlət Sektorunun İnkişaf Proqramı çərçivəsində “Sosial Dəyişiklik və İnkişaf üçün Tədqiqatlar” (RASTA) adlı qrant proqramı barədə danışıb. O, Pakistan hökumətinin Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər Nazirliyinin (PSDP), Pakistanın yüksək səviyyəli akademiya və beyin mərkəzlərinin, Pakistanın ictimai siyasət dairəsinin məlumatlandırması yüksəkkeyfiyyətli, dəlillərə əsaslanan siyasət araşdırmaları şəbəkəsi inkişaf etdirməyi hədəflədiyini deyib.