ELM VƏ TƏHSİL
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonağa texnoparkda yaradılan şərait, potensial rezidentlərinin fəaliyyəti, eyni zamanda, Texnologiyaların və İnnovasiya Məhsullarının Transferi Mərkəzi barədə ətraflı məlumat verilib. Sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Vüsal Qasımlı, həmçinin YTP-nin mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə tanış olub.
YTP-nin direktoru Vüqar Babayev söhbət zamanı rəhbərlik etdiyi texnoparkın fəaliyyətinin genişləndirildiyini bildirib. O, biliklərin kommersiyalaşdırılması, istedadlı gənclərin biznes ideyalarının dəstəklənməsini həyata keçirmək üçün yaxın vaxtlarda Biznes İnkubasiya Mərkəzinin açılacağını, bununla da ölkəmizdə startapların inkişaf etdiriləcəyini diqqətə çatdırıb. İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın vacibliyi qeyd edilib.
Vüsal Qasımlı ölkəmizdə innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərdən danışıb, Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının əhəmiyyətli olduğunu bildirib. O, bu sahədə AMEA YTP ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyib.