İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ictimai mühazirələrin təşkilinə start verib
Bakı, 10 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkənin aparıcı universitetlərində uğurlu iqtisadi islahatlara həsr olunan ictimai mühazirələrin təşkilinə start verib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə oktyabrın 10-da mərkəzin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk mühazirəni oxuyub. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri ilə yaranmış çətinliklər geridə qalıb. Bu ilin 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz və xarici ticarət dövriyyəsi 7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, gələn il Azərbaycanda neft sektorunun geriləməsinə baxmayaraq, ümumi iqtisadiyyat 2 faiz böyüyəcək. Azərbaycanda qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənilir.
"Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayıb. Dövlət investisiya proqramı da iqtisadi inkişafı dəstəkləyəcək və gələn il qeyri-neft sektorunda sürətli inkişafı təmin edəcək", - deyə V.Qasımlı qeyd edib.
O, bu cür ictimai mühazirələrin təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyətli olduğunu deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov diqqətə çatdırıb ki, 2004-2014-cü illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyada iqtisadi artım sürətinə görə ön sıralarda qərarlaşıb. Neftdən əldə olunan gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, ölkədə ÜDM-dən çox həcmdə strateji valyuta ehtiyatları yaradılıb.
"Lakin 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin səngiməsi, institusional və struktur çağırışlar, maliyyə-bank sektorunda baş verən proseslər Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaradıb", - deyə qeyd edən Ə.Muradov buna görə də Milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi hazırlandığını vurğulayıb.
Strateji Yol xəritələrində nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edən rektor vurğulayıb ki, UNEC olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma töhfə verəcək tədqiqatların genişləndirilməsidir. O, UNEC-də mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb.
Sonda Vüsal Qasımlı universitetin professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıb.