İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Koreya İnkişaf İnstitutu əməkdaşlıq imkanlarından danışıb
Bakı, 17 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Koreya İnkişaf İnstitutu (KDI) arasında onlayn formatda görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, KDI-nın Beynəlxalq İnkişaf Mərkəzinin icraçı direktoru Sanghoon Ahn, Əməliyyatları idarəetmə qrupunun rəhbəri xanım Dahyun Noh və Beynəlxalq İnkişaf Mərkəzinin Planlaşdırma və qiymətləndirmə şöbəsinin rəhbəri xanım Hanee Çanqın iştirak etdiyi görüşdə birgə əməkdaşlıq imkanları və Bilik Mübadiləsi Proqramı (KSP) haqqında təqdimatlar edilib.
İİTKM-nin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova ölkədə aparılan iqtisadi islahatlar, strateji hədəflər, İİTKM tərəfindən həyata keçirilən tədqiqat sahələri və monitorinq və qiymətləndirmə fəaliyyəti barədə ətraflı məlumat verib.
Təqdimatlardan sonra Bilik Mübadiləsi Proqramında iştiraka dair Mərkəzin aidiyyəti departament rəhbərlərinin iştirakı ilə işçi müzakirələr davam etdirilib. Sonda KDI-ın Beynəlxalq İnkişaf Mərkəzinin icraçı direktoru Sanghoon Ahn iki qurum arasında əlaqələrin inkişaf etdirilməsində və müxtəlif əməkdaşlıq formatında uğurla həyata keçirilmiş layihələrin davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.