İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib
Bakı, 14 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edib.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, mərkəz tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-yə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün bir sıra tələblər mövcuddur:
-Məntiqi və analitik düşünmə qabiliyyəti;
-Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başadüşmə qabiliyyəti;
-Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5)
-Ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə Proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən fevralın 25-dək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.